Rafiq Sabir oğlu Aslanov

1962-ci ildə Füzuli rayonunda anadan olub. 1984-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini (İnşaat Mühəndisləri İnstitutu) hidromeliorasiya ixtisasını bitirib. Sonralar Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisasına və 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1984-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində başlamışdır. 1984–1993-cü illərdə nazirliyin aparatının bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1993–2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsinin rəisi vəzifəsində işləmişdir. 2006-cı ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. Mart 2023-cü il – iyun 2024-cü il ərzində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 29 iyul tarixli 163 nömrəli fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsasnaməsi təsdiq edilmiş və əsasnaməyə uyğun olaraq Xidmət fəaliyyətə başladığı gündən rəis vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 iyun tarixli 2853 nömrəli Sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə “əməkdar mühəndis”  fəxri adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.