Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin nümayəndə heyəti 13–18 iyul 2026-cı il tarixlərində Macarıstan Respublikasında işgüzar səfərdə olub.
Xidmətin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə həyata keçirilən səfərdə Xidmət rəisinin müavini Əliağa Əzizov, Monitorinq şöbəsinin müdiri Elmar Orucov və Kadastr, uçot və reyestr şöbəsinin sektor müdiri İlqar Həsənov iştirak ediblər.
Səfərin məqsədi su ehtiyatlarının idarə olunması sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, su təsərrüfatı üzrə məlumat bazalarının formalaşdırılması, monitorinq mexanizmlərinin tətbiqi, eləcə də su obyektlərinin kadastrı, uçotu və reyestrinin təşkili istiqamətlərində təcrübə mübadiləsinin aparılması olub.
Səfər çərçivəsində nümayəndə heyəti Macarıstanın Su İdarəçiliyi Baş İdarəsinin rəhbərliyi, aidiyyəti struktur bölmələrinin rəhbərləri və tabeli qurumların mütəxəssisləri ilə görüşlər keçirib.
Görüşlər zamanı suların istifadəsi və mühafizəsi sahəsində hər iki ölkənin mövcud təcrübəsi üzrə təqdimatlar keçirilib, su və su təsərrüfatı obyektlərinin monitorinqi, uçotu, kadastrı və reyestrinin aparılması istiqamətində tətbiq olunan mexanizmlər ətraflı müzakirə edilib.
Bununla yanaşı, nümayəndə heyəti su ehtiyatlarının idarə olunması üzrə həyata keçirilən praktiki fəaliyyətlə yaxından tanış olmaq məqsədilə bir sıra iri su anbarlarına, su təchizatı sistemlərinə və Baş İdarənin tabeliyində fəaliyyət göstərən laboratoriyaya baş çəkib.
Səfər zamanı həmçinin Xidmət üçün yeni yaradılmış müasir monitorinq sistemi təqdim olunub. Sisteminin iş prinsipi, funksional imkanları və su ehtiyatlarının səmərəli idarə olunmasında rolu barədə ətraflı məlumat verilib.
Macarıstan tərəfi keçirilən görüşləri yüksək qiymətləndirərək Azərbaycanın suların istifadəsi və mühafizəsi sahəsindəki təcrübəsinin onlar üçün də maraq doğurduğunu bildirib.
Görüşlərin sonunda tərəflər su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraqlarını ifadə ediblər.





