Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlanıb.
Sosial şəbəkələrdə yayılan görüntülər əsasında 17 aprel 2026-cı il tarixində Xidmət əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Rayon Polis Şöbəsinin, həmçinin Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.
Araşdırma zamanı kəsim sexində formalaşan tullantı suların heç bir təmizləyici qurğudan keçmədən torpaq məcralı axar vasitəsilə Xəzər dənizinə axıdılması faktı müəyyən edilib.
Faktla bağlı Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən bir neçə nöqtədən suyun fiziki-kimyəvi tərkibinin yoxlanılması məqsədilə nümunələr götürülüb.
Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən kəsim sexində quş əti məhsullarının istehsalı zamanı formalaşan tullantı suların düzgün formada idarə edilməməsi inzibati xəta əlaməti yaratdığından fakt üzrə kəsim sexinin sahibi barəsində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılıb.
Laboratoriyaya təqdim edilmiş su nümunlərinin analiz nəticələrinə əsasən tullantı suların təmizlənmədən Xəzər dənizinə axıdıldığı və tərkibində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən olunaraq quş kəsim sexinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq qərar qəbul edilib.

