Daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların növbəti təntənəli andiçmə mərasimi keçirilib

23 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Aparatı və regional bölmələri üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların növbəti təntənəli andiçmə mərasimi keçirilib.

Tədbirdə iştirak edən Xidmətin rəis müavinləri Tural Abbasov və Əliağa Əzizov dövlət qulluğunun inzibati vəzifələrinə təyin olunan əməkdaşları həm dövlət qulluqçularının peşə bayramı, həm də andiçmə münasibətilə təbrik edib, onlara qarşıya qoyulan ali vəzifələrin icrasında uğurlar arzulayıb.

Tədbirdə vurğulanıb ki, qurumun peşəkar, prinsipial və vətənpərvər kadrlarla formalaşdırılması, şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanan kadr siyasətinin həyata keçirilməsi Xidmətin fəaliyyətində hər zaman prioritet istiqamətlərdən biri olub. Bu istiqamətdə görülmüş işlərin və əldə olunan nəticələrin dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verməsi isə xüsusi qeyd edilib.

Tədbirdə çıxış edən müvafiq struktur bölmələrin rəhbərləri də daimi dövlət qulluğu qulluğuna təyin olunan əməkdaşları təbrik edərək onlara etibar edilən bu məsuliyyətli və şərəfli missiyanın icrasında yüksək peşəkarlıq və vətəndaşlara xidmət ruhu nümayiş etdirəcəklərinə inamlarını ifadə ediblər.

Daha sonra dövlət qulluğunun inzibati vəzifələrinə işə qəbul olunan əməkdaşlar qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq təntənəli şəkildə and içiblər.

Tədbirin sonunda dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlar göstərilən yüksək etimadı və inamı hər zaman layiqli səviyyədə doğruldacaqlarını, dövlətə və vətəndaşa sədaqətlə xidmət edəcəklərini bəyan ediblər.