Xidmət rəisi Rafiq Aslanov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə regional müşavirədə iştirak edib.

Zəngilan rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub.

Müşavirədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, ADSEA-nın yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov və digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbirdə iştirak edən Rafiq Aslanov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su təsərrüfatı infrastrukturunun bərpası və inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Suqovuşan, Xaçınçay, Köndələnçay və Zabuxçay su anbarlarının yenidən qurulması və tikintisi nəticəsində on minlərlə hektar əkin sahəsinin etibarlı su təminatı üçün imkan yaradılıb.

Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.