Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Suların istifadəsi və mühafizəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin rəisi Səttar Nəsirov, Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov, yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin nümayəndələri Xidmətin fəaliyyəti barədə məlumat veriblər.
Su və su təsərrüfatı obyektlərindən qanunvericiliyə uyğun istifadənin vacibliyi, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri diqqətə çatdırılıb.
Suyun qorunması, səmərəli istifadəsi, əhalinin təmiz su ilə təmin olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasının əhəmiyyəti tədbir iştirakçıları tərəfindən xüsusi vurğulanıb.







