25–26 noyabr 2025-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində Mərkəzi Asiya Regional Ətraf Mühit Mərkəzi (CAREC), GIZ və İsveçrənin Blue Peace Central Asia təşəbbüsünün dəstəyi ilə iqlim dəyişmələri fonunda Su Resurslarının İnteqrasiyalı İdarə Edilməsi (IWRM) və su diplomatiyası üzrə regional təlim, həmçinin qadın şəbəkələri arasında təcrübə mübadiləsinə həsr olunmuş seminar keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin nümayəndəsi Gülnar Əliyeva iştirak edib.
Təlim çərçivəsində iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, IWRM-in regional tətbiqi və transsərhəd su diplomatiyasının institusional mexanizmləri elmi əsaslarla təqdim olunub. Həmçinin “Blue Peace Index” metodologiyası üzrə praktiki qrup çalışmaları aparılıb, transsərhəd su əməkdaşlığının qiymətləndirilməsi üçün indikatorların tətbiqi praktiki şəkildə mənimsənilib. Tədbirin əsas məqsədi qadın mütəxəssislərin transsərhəd su idarəçiliyində iştirak potensialının gücləndirilməsi, onların elmi bilik və analitik bacarıqlarının inkişaf etdirilməsi olub.
Tədbirdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini təmsil edən dövlət qurumları, tədqiqat institutları və qadın şəbəkələrinin nümayəndələri iştirak edib. Transsərhəd çay hövzələrində əməkdaşlıq modelləri, hüquqi və institusional əsaslar, konfliktlərin qarşısının alınması mexanizmləri və gender baxımından inklüziv idarəetmənin roluna dair təqdimatlar keçirilib.
Azərbaycan nümayəndəsi öz çıxışında ölkədə qadın fermerlərin kiçik biznes fəaliyyətləri və bu fəaliyyəti həyata keçirərkən üzləşdikləri su təchizatı problemləri barədə ətraflı məlumat təqdim edib. O, xüsusilə qadın sahibkarların su idarəçiliyi, resursların səmərəli istifadəsi və təsərrüfatların davamlı inkişafı sahəsində maarifləndirilməsinin vacibliyini vurğulayıb. Bu çətinliklərin aradan qaldırılması məqsədilə o, alternativ su mənbələrinin tətbiqinin əhəmiyyətini ön plana çıxarıb. Bundan əlavə, yağış sularının yığılması və həmin su ehtiyatının kiçik təsərrüfatlarda istifadəsinə dair müasir yanaşmalar və praktiki tətbiq üsulları diqqətə çatdırıb.
