ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) kadastr, uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev Taylandın Bangkok şəhərində keçirilən seminarda iştirak edib.
Seminar iqlim dəyişmələrinə səbəb olan təsirlərin azaldılması və uyğunlaşma sahəsində Texnologiya Ehtiyaclarının Qiymətləndirilməsi (TEK) və Texnoloji Fəaliyyət Planının (TFP) hazırlanmasına dair baş tutub.
Layihədə SİMDNX ilə yanaşı, əsas benefisiar qurum olan ETSN-in beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri, TEQ layihəsi üzrə koordinator Aysel Rzayeva da iştirak edib. Azərbaycanı təmsil edən iştirakçılar müvafiq sahələr üzrə ölkəmizdə həyata keçirilən işlər barədə məlumat veriblər.
Layihənin məqsədi Texnologiya Fəaliyyət Planlarının (TFP) hazırlanmasına dəstək göstərəcək prioritet adaptasiya və mitiqasiya texnologiyaları müəyyən etmək, onların tətbiqi üçün çərçivələr yaratmaq, maliyyə və texnologiya ilə bağlı maneələri azaltmaq və ya aradan qaldırmaq üçün praktiki zəruri tədbirləri müəyyən etməkdir.
Əldə olunan təcrübədən Azərbaycan üzrə əsas sektorlar olaraq seçilmiş su ehtiyatları, kənd təsərrüfatı, energetika və s. sahələr üzrə mitiqasiya və adaptasiya tədbirlərinin hazırlanmasında və icrasında istifadə ediləcəkdir.
