SİMDNX-da Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti təlim keçirilib

26 dekabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda praktiki təlim keçirilib.

Təlimi giriş sözü ilə açan Xidmətin Dövlət qulluğu və kadrlar sektorunun müdiri Səxavət Nəsirov Dövlət İmtahan Mərkəzi ilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti arasında olan əməkdaşlığa və dövlət qulluğu sahəsində təşkilati məsələlərdə göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.

Təlimçi Elnur Abbasov öz təqdimatında xidməti fəaliyyətin qiymətləndirilməsinin dövlət qulluqçularının peşə səriştəliyini stimullaşdırılması üçün faydasından, həmçinin peşəkar biliklərinin artırılmasında əhəmiyyətindən danışıb və müxtəlif situasiyalar üzərində müzakirələr aparılıb. Eyni zamanda təlim zamanı qiymətləndirmə qaydalarında edilən son dəyişikliklər və bu sahədə innovasiyaların tətbiq edilməsi ilə bağlı məsələlər də iştirakçıların diqqətinə çatdırılıb.

E.Abbasov çıxışı zamanı yaxın gələcəkdə xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı bir sıra yeniliklərin tətbiq edilməsi üzərində işlər aparıldığını qeyd edib.