Azərbaycan Respublikasının su qanunvericiliyində və bu sahəni tənzimləyən normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərdən sonra su obyekti istifadəçilərinin vəzifə və öhdəliklərinin izah edilməsi istiqamətində maarifləndirici görüşlər keçirilir. Bu məqsədlə 14 yanvar 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin müvafiq struktur bölmələrinin nümayəndələri və BP Xəzər Mərkəzinin əməkdaşlarının iştirakı ilə görüş təşkil olunub.Görüş zamanı su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödənişlərin tətbiqi, suların dövlət uçotunun aparılması, 2TG (Su təsərrüfatı) statistik hesabat formasında edilmiş dəyişikliklər, eləcə də su obyektlərindən istifadə və mühafizəsi sahəsində tərəflərin vəzifə və səlahiyyətləri ətraflı müzakirə edilib. Sonda su obyektlərinə zərərli təsirlərin qarşısının alınması, su ehtiyatlarının səmərəli istifadəsi və tullantı sularının düzgün idarə olunması istiqamətində aparılan maarifləndirmə tədbirlərinə BP Xəzər Mərkəzi tərəfindən dəstək göstərilməsi aspektləri nəzərdən keçirilib.