20–21 yanvar 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) sektor müdiri İlqar Həsənov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA Həftəsi çərçivəsində keçirilən Su, Enerji və Ətraf Mühit üzrə İşçi Qrupunun 28-ci iclasında iştirak edib. Aşqabadda keçirilən sessiyada SİMDNX sektor müdiri İlqar Həsənov “Su bəndlərinin təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın hidrotexniki qurğuların monitorinqi, risklərin erkən müəyyənləşdirilməsi və təhlükəsizlik mexanizmləri üzrə təcrübəsini bölüşüb. SPECA İqtisadi Forumu çərçivəsində isə enerji, nəqliyyat və ticarət sahələrində regional əməkdaşlıq və davamlı inkişaf mövzuları müzakirə olunur.”


