Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Aparatı və regional bölmələri üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların təntənəli andiçmə mərasimi keçirilib

23 yanvar 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Aparatı və regional bölmələri üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların təntənəli andiçmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Xidmətin rəis müavini Əliağa Əzizov dövlət qulluğunun inzibati vəzifələrinə təyin olunan əməkdaşları təbrik edib, onlara qarşıya qoyulan ali vəzifələrin icrasında uğurlar arzulayıb. O, çıxışında vurğulayıb ki, qurumun peşəkar, prinsipial və vətənpərvər kadrlarla formalaşdırılması, şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanan kadr siyasətinin həyata keçirilməsi Xidmətin fəaliyyətində hər zaman prioritet istiqamətlərdən biri olub. Rəis müavini bu istiqamətdə görülmüş işlərin və əldə olunan nəticələrin dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini xüsusi qeyd edib. Tədbirdə çıxış edən müvafiq struktur bölmələrin rəhbərləri də yeni təyin olunan əməkdaşları təbrik edərək onlara etibar edilən bu məsuliyyətli və şərəfli missiyanın icrasında yüksək peşəkarlıq və vətəndaşlara xidmət ruhu nümayiş etdirəcəklərinə inamlarını ifadə ediblər. Daha sonra dövlət qulluğunun inzibati vəzifələrinə işə qəbul olunan 12 nəfər əməkdaş qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq təntənəli şəkildə and içiblər. Tədbirin sonunda dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlar göstərilən yüksək etimadı və inamı hər zaman layiqli səviyyədə doğruldacaqlarını, dövlətə və vətəndaşa sədaqətlə xidmət edəcəklərini bəyan ediblər.