Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən 02.02.2026-cı il tarixində Böyükşor gölündən götürülmüş su nümunələrinin analizinə əsasən, göldə yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı aşkarlanmayıb. Ammonium ionunun aşağı qatılığı bunu təsdiqləyir. Suda müşahidə olunan köpük əsasən yuyucu vasitələrin təsiri ilə bağlıdır. Küləkli hava zamanı su qarışır və səthi aktiv maddələr səthdə toplanaraq köpük yaradır. Bu hal ani çirklənmə deyil, fiziki prosesdir. Bildiririk ki, Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan xətti üzrə inşasına başlanmış 10,4 km-lik kollektor, eləcə də gündəlik 40 000 m³ məhsuldarlığa malik Biləcəri, Binəqədi, M.Ə. Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16 km-lik gətirici kollektorun tikintisi, həmçinin 2026–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində görülən tədbirlər Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
