Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib

Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib. İclasda İşçi qrupunun rəhbəri Rafiq Aslanov çıxış zamanı bildirib ki, ölkənin ən böyük magistral suvarma kanalı olan Qarabağ suvarma kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun ümumilikdə 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir. O, həmçinin Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürülməsi hesabına müvafiq əkin sahələrinin su təminatına dəstək göstərildiyini, lakin, kanal torpaq məcralı olduğundan, onun istismarında çətinliklər yaranması ilə yanaşı, həm də ildə təxminən 300 milyon m³ su itkisi yaranması səbəbindən vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklər yarandığını bildirib. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış layihə sənədlərinin cari vəziyyəti barədə təqdimat keçirilib. Təqdimatda Qarabağ suvarma kanalının 26 km-lik 1-ci hissəsinin layihə-smeta sənədlərinin yekunlaşmaq üzrə olduğu bildirilərək, Qarabağ, Mil və Muğan düzlərində aqrar-sənaye komplekslərinin inkişaf perspektivləri nəzərə alınmaqla layihənin mümkün variantlarının araşdırılmasının tamamlandığı vurğulanıb.