"Naxçıvan Təlim Mərkəzi” PHŞ-nin təşkilatçılığı, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin iştirakı ilə "Su resurslarından effektiv istifadə: müasir suvarma və meliorasiya texnologiyaları” mövzusunda təlim keçirilib

"Naxçıvan Təlim Mərkəzi” PHŞ-nin təşkilatçılığı, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin iştirakı ilə "Su resurslarından effektiv istifadə: müasir suvarma və meliorasiya texnologiyaları” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Nəzərov bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində Xəzər dənizinin suyunun içməli suya çevrilməsi su qıtlığı ilə bağlı potensial risklərin minimuma endirilməsində mühüm rol oynayır.

Daha sonra çıxış edən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin rəisi Səttar Nəsirov Muxtar Respublikasının ümumi su ehtiyatı 6,41 milyard kubmetrdir. Bunun 470 milyon kubmetri daxili çayların, 5,61 milyard kubmetri (87 faizi) transsərhəd Araz çayının, 329 milyon kubmetri isə yeraltı suların payına düşdüyünü qeyd edib.

Bölmə rəisi qeyd edib ki, hazırda bölgədə 31 su anbarı fəaliyyət göstərir və onların ümumi həcmi 301,15 milyon kubmetr təşkil edir. Eyni zamanda, 107 nasos stansiyası, 841 artezian quyusu və 380 kəhriz əhalinin və kənd təsərrüfatının su təminatında mühüm rol oynayır. Artezian quyularından 9-u içməli su, 250-si suvarma, 582-si isə həm içməli, həm də suvarma məqsədləri üçün istifadə olunur.