ADSEA yanında Suların İstifadə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsində təqdim edilən “Bioremediasiya üsulu ilə çay sularının ekotoksikliyinin azaldılması” mövzusunda təqdimat nümayiş etdirilib.
Təqdimatda su nümunələrinin götürülməsi və tədqiqi, çirkləndirici maddələrin müəyyənləşdirilməsi, həmçinin bioremediasiya üsullarından istifadə etməklə su mühitinin ekotoksikliyinin azaldılması istiqamətində aparılan elmi-praktiki yanaşmalar təqdim olunub.
Xidmətin əməkdaşları təqdim olunan layihəni yüksək qiymətləndirərək mövzu üzrə əlavə izahlar verib və şagirdlərin suallarını cavablandırıblar. Bildirilib ki, bu kimi təşəbbüslər gənclərin elmi düşüncəsinin formalaşmasına və ekoloji problemlərin həllinə innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.
Görüş zamanı şagirdlərə gələcəkdə su ehtiyatlarının tədqiqi sahəsində aparacaqları elmi işlərə dəstək göstəriləcəyi qeyd olunub. Xüsusilə, onların Xidmətin laboratoriya imkanlarından istifadə etməsi, su nümunələrinin analizi üzrə metodiki istiqamətləndirilməsi və elmi tədqiqatların aparılması üçün praktiki məsləhətlərin verilməsi istiqamətində əməkdaşlığa hazır olunduğu vurğulanıb.
Qeyd edək ki, görüşdə SİMDNX-nin rəis müavini Əliağa Əzizov, Agentlik və Xidmətin aidiyyəti üzrə şöbələrinin məsul şəxsləri, Abşeron rayonunun Məmmədli kənd tam orta məktəbinin müəllim və 10-cu sinif şagirdləri iştirak ediblər.


