Kür və Araz çaylarının hidroloji məntəqələrində ölçü işləri həyata keçirilib

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri yaz-yay gursululuq dövrü öncəsi Kür və Araz çaylarının hidroloji məntəqələrində yeni nəsil “SonTek M9” cihazı ilə ölçü işləri həyata keçiriblər.

Monitorinqlər zamanı Kür çayının Qıraq Kəsəmən, Yevlax, Zərdab, Surra, Şirvan və Salyan, həmçinin Araz çayının Novruzlu hidroloji məntəqələrində su sərfi ölçülüb.

Hər məntəqədə çayın dərinliyi, en kəsiyi və axım sürəti müxtəlif dərinliklərdə ölçülərək maksimal, minimal və orta sürətlər təyin olunub.

Monitorinqlərin əsas məqsədi Kür və Araz çaylarında suyun daha dəqiq uçotunu aparmaq, eləcə də su anbarlarına daxil olan və çıxan suyun düzgün qiymətləndirilməsini təmin etməkdir. Bu, həm su ehtiyatlarının səmərəli idarə olunmasına, həm də hidroenergetika və kənd təsərrüfatı sahələrində su istifadəsinin planlaşdırılmasına imkan yaradır, çaylarda su ehtiyatlarının davamlı qorunmasına töhfə verir.