Neftçalada “Su qanunvericiliyinin tələblərinə riayət edək” mövzusunda marifləndirici tədbir keçirilib

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan regional bölməsi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su qanunvericiliyinin tələblərinə riayət edək” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı və Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarələrinin rəisləri, Neftçala RİH başçısının ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyələri, Neftçala rayonunda fəaliyyət göstərən Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri, KOBİA-nın nümayəndəsi və iri fermer təsərrüfatı sahibləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Neftçala RİH başçısının müavini Burcalı Ağayev mövzu ərtafında məlumat verib. Daha sonra 4 saylı Şirvan-Salyan regional bölməsinin rəisi Ehtiram Muxtarov çıxış edərək regional bölmənin fəaliyyət istiqamətlərinə uyğun olaraq ötən dövr ərzində Neftçala rayonu üzrə aparılmış monitorinqin nəticələrinə dair ümumiləşdirilmiş məlumatları auditoriyaya təqdim edib. Bölmə rəisi çıxış zamanı qurumun fəaliyyət istiqamətləri üzrə qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərin tətbiqi, su qanunvericiliyinə riayət olunması ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsi barədə danışıb.

Bununla yanaşı, tədbirdə sudan istifadə edənlərin su obyektlərindən səmərəli istifadəsi, tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verilməməsi və digər su qanunvericiliyinin tələblərinə riayət edilməsi məsələləri qeyd olunub. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.