Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib

8 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Xidmətin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Xidmətin rəis müavini Tural Abbasov, ARDNŞ-nin vitse-prezidentinin müavini Hikmət Abdullayev, həmçinin hər iki qurumun aidiyyəti struktur bölmələrinin məsul əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödənişlərin tətbiqi, suların dövlət uçotunun aparılmasının təmin edilməsi məqsədilə 2TG (Su təsərrüfatı) statistik hesabatında və onun doldurulma qaydalarında edilmiş dəyişikliklər, eləcə də su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində tərəflərin vəzifə və səlahiyyətləri geniş müzakirə olunub.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” çərçivəsində sahibkarlıq subyektlərinin su obyektlərindən su götürülməsinin və axıdılmasının rəsmiləşdirilməsi və bu Fərmandan irəli gələn tələblərin həyata keçirilməsi müzakirə olunub.

Sonda ARDNŞ-nin tabeli qurumları tərəfindən su obyektlərinə zərərli təsirlərin qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə və tullantı sularının düzgün idarə olunması istiqamətində həyata keçirilən monitorinq və nəzarət tədbirlərində tərəflər arasında qarşılıqlı əməkdaşlığın, eləcə də fikir və məlumat mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.