Neftçalada balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətinə dəstək göstərilməsi məqsədilə görüş keçirilib

Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında Neftçala rayonunda yerləşən balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətinə dəstək göstərilməsi məqsədilə geniş tərkibdə görüş keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Agentliyin aidiyyəti struktur və regional qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Görüşdə çıxış edən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin nümayəndəsi Zaur Kərimov Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydaları”ndan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 mart tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”ndən və Nazirlər Kabinetinin “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2026-cı il 14 aprel tarixli 99 nömrəli Qərarından irəli gələn məsələlərlə bağlı ətraflı məlumat verib.

Tədbirdə balıqçılıq və akvakultura subyektlərini maraqlandıran suallar cavablandırılıb, mövcud nöqsanların aradan qaldırılması, gələcəkdə sistemli şəkildə suyun götürülməsi və digər məsələlər barədə razılığa gəlinib.