SİMDNX-nın nümyəndələri "Etilen-polietilen” zavoduna səfər ediblər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları Sumqayıt şəhərində fəaliyyət göstərən ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan “Etilen-polietilen” zavodunun fəaliyyəti zamanı formalaşan sənaye və məişət tullantı sularının idarə edilməsi sistemi ilə tanış olmaq və bu sahədə mövcud olan qanunvericiliyin tələblərinin müzakirə olunması məqsədi ilə müəssisəyə səfər ediblər.

Müəssisənin mütəxəssisləri tərəfindən zavodun fəaliyyəti nəticəsində formalaşan tullantı sularının mərhələli şəkildə təmizlənmə prosesinin həyata keçirildiyi, laboratoriya sınaqlarının aparıldığı və tullantı sularının tərkibindəki çirkləndiricilərin miqdarının nəzarətdə saxlanıldığı qeyd edilib və təmizlənmə prosesini həyata keçirən qurğulara birgə baxış keçirilib.

Səfər zamanı su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödənişlərin tətbiqi, suların dövlət uçotunun aparılmasının təmin edilməsi məqsədilə 2TG (Su təsərrüfatı) statistik hesabatında və onun doldurulma qaydalarında edilmiş dəyişikliklər, eləcə də su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində tərəflərin vəzifə və səlahiyyətləri müzakirə olunub.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” çərçivəsində xüsusi məqsədlərlə su obyektlərindən su götürülməsinin və tullantı sularının axıdılması ilə bağlı bu Fərmandan irəli gələn tələblərə uyğun olmasının zəruriliyi müzakirə olunub.