5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görülüb.
Rüstəmov Oktay Musa oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Əliyev Siyah Əli oğlu 3-cü dərəcəli “Əmək” ordeni, Aşumova Nərminə Nazim qızı isə “Tərəqqi” medalı ilə təltif olunub.
Peşə bayramı münasibətilə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Xidmət rəisi Rafiq Aslanovun iştirakı ilə görüş keçirilib. Görüşdə Xidmət rəisi ölkədə su təsərrüfatı və meliorasiya sahəsinə göstərilən diqqət və qayğıya, həmçinin yaradılmış iş şəraitinə görə ADSEA sədri Zaur Mikayılova təşəkkürünü bildirib.
Xidmət rəisi dövlət təltiflərinə layiq görülən əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, bu yüksək təltiflər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su təsərrüfatı və meliorasiya işçilərinin əməyinə verdiyi yüksək dəyərin və göstərdiyi etimadın bariz nümunəsidir.








